İtaliya A Seriyasında 28-ci turun daha 2 görüşü keçirilib. 4 oyundur qələbə üzünə həsrət qalan “Empoli” nəhayət azarkeşlərini sevindirib.

İtaliya A Seriyasında “Empoli” 28-ci turu qələbə ilə başa vurub. Komanda doğma meydanda “Leççe” futbolçuları ilə görüşüb. İlk hissədə əsasən meydan sahibləri fəallığı ilə seçilib. Lakin bu üstünlük komandanın hesabı açmasına kömək edə bilməyib. Fasilədən sonra da təşəbbüsü əldən verməyən “Empoli” kollektivi 62-ci dəqiqədə istəyinə nail olub. Françesko Kaputo penaltini dəqiq yerinə yetirərək yerli azarkeşləri sevindirib. Lakin son dəqiqələrdə meydan sahibləri azlıqda qalıb. Lorentso Tonelli qırmızı vərəqə ilə cəzalanıb. Amma bu uğursuzluq komandanın qələbəsinə mane olmayıb. Minimal hesabla qalib gələn “Empoli” 8 oyunluq qələbəsiz seriyaya son qoyub. Komanda 31 xalla 14-cü pillədə qərarlaşıb. “Leççe”nin aktivində isə 27 xalı var. Kollektiv 16-cı yerdədir.

“Sassuolo” isə “Torino” ilə bacarmayıb. İlk hissədə meydan sahibləri irəli çıxıblar. Andrea Pinamonti “Sassuolo”nu irəli çıxarıb. İkinci hissədə “Sassuolo” futbolçuları növbəti dəfə rəqib qapısına yol tapsa da VAR-dan gələn qərara əsasən qol qeydə alınmayıb. Təşəbbüsü ələ alan Turin klubu az sonra bərabərliyi təmin edib. Antonio Sanabria mübarizəyə nöqtə qoyub: “Sassuolo” – “Torino” 1:1. Ardıcıl 4 oyundur qələbə qazanan “Sassuolo” xal itkisi ilə üzləşib. Komanda 37 xalla 12-cidir. “Torino” isə rəqibindən 1 xal artıq toplayaraq 10-cu pillədə qərarlaşıb.